NAZİM MUSTAFAYEV

Sadə və qəliz suallar

Sadə və qəliz suallar

NAZİM MUSTAFAYEV

Elə virus və xəstəliklər var ki, tibb elmində, ya da bir həkimin gözündə o qədər də təhlükəli deyil. Çox bəsit bir şeydir. Ancaq tibbin və həkimin olmadığı yerdə, o virus və xəstəlik təhlükəli və ölümcül hal ala bilər. Mənəviyyata dair suallar da belədir. Ağıla gələn, insanların etiqad və inancını qurdalayan elə məsələlər var ki, böyük problem kimi görünür. Əslində cavabları sadədir. İşi çıxılmaz edən isə bu sadə cavabları tapa bilməmək və ya tapmaq istəməməkdir.

Suallardan biri də məhz belədir: “Minbir hiylə və oyundan çıxaraq insanları haqq yoldan uzaqlaşdırmağa çalışan, çox zaman bu işində müvəffəq olan, hər yönü ilə zərərli və şər olan şeytanlar nə üçün xəlq edilmişdir? Həmçinin şeytan, bütün şər və çirkinliklərin əsas qaynağı kimi görünür. Cənabı Allah bu hədsiz şər və çirkinliklərin ortaya çıxmasına nə üçün icazə verir?”

Kiminə görə bu sualın cavabı çox çətindir. Quran ayələrində və böyük İslam alimlərinə görə, bu sualın cavabı çox sadədir. Ortada o qədər də qəliz və problemli məsələ yoxdur. Təbii ki, yanaşma tərzi əhəmiyyətlidir.

Fəlsəfə kitablarında ateistlərin məhz ateist olmalarının təməlində dünyadakı şər və çirkinliklərin varlığı məsələsi yatır. Ateist birinin əsas çıxış nöqtəsi və dayağı bu şər məsələsidir. Ancaq Uca dinimiz İslama görə şeytanın xəlq edilməsi qismən şər olsa da, nəticə etibarilə burada böyük xeyrlər gizlidir və insanı kamilliyə aparan yeganə yoldur.

Bərk haldakı bir xəmirin yumşalması üçün bol miqdarda su əlavə etmək və xəmiri yaxşıca yoğurmaq lazımdır. Xəmirin istənilən keyfiyyətə gəlməsi üçün bunu etmək labüddür. Hətta buradan belə bir deyim də formalaşıb: “Bu xəmir hələ çox su aparar”.

Zənnimcə, insanların düşüncə dünyasında, həm də ruhun dərinliklərində dolaşan suallardan biri də şər məsələsidir. Bərk xəmirin yumşalması misalında olduğu kimi, şər məsələsinin üzərində də bol miqdarda müzakirə, mütaliə və söhbət etməyə ehtiyac var. Müzakirə və söhbət ortamında yoğurulan hənim sual və məsələlər artıq “yeyiləcək”, ya da başa düşüləcək hala gəlir.

Bir çəyirdək nəhəng bir ağac olması üçün yüzlərcə mərhələ və mərtəbədən keçir. Sərçənin uçma və manevr etmə istedadının inkişafı üçün Allah-Təala onun üzərinə qırğını göndərmişdir. İnsanların da mənən kamilləşməsi üçün gizlənmiş istedad və qabiliyyətlərini hərəkətə keçirmələri lazımdır. İnsanların istedadlarını inkişaf etdirmələri üçün Allah-Təala şeytanların vəsvəsə və qisim şərlərinə icazə vermişdir.

Bu dünyadakı şərlər, içki, qumar və başqa haramlar qaçış zolağındakı maneələr kimidir. İdmançıların işini çətinləşdirir deyə qaçış zolağındakı maneələri götürmək olmaz. İdmançı məhz bu maneələri dəf etdiyi zaman özünü isbatlamış olur.

Bir dəmir pas tutub çürüməməsi və polad ola bilməsi üçün yüksək temperaturda əriməlidir. Çürüməyə başlamış dəmirin alovlara atılaraq əridilməsinin dəmirə qarşı haqsızlıq və şər olduğunu deyə bilərikmi? Dəmir bu prosesdən keçməzsə, bir pillə yüksələrək ağır sənayenin əsası olan polad əmələ gəlməzdi.

Bir karbonun kömür halında qalmayıb qızıl ola bilməsi üçün minlərcə tonluq təzyiq altında və qaynar istidə kimyəvi proseslərdən keçməsi lazımdır. Karbonun torpağın min metrlərlə altda minlərcə tonluq təzyiqlə əzilməsinə bir etirazı olan varmı? Etiraz edən varsa, o zaman qızıl deyə bir metal əmələ gəlməzdi.

Heç su içərək qarnı ağrıyan bir insana görə suyun zərərli və şər olduğunu deyə bilərikmi? Fərz edək ki, insanlara xeyri nəzərə almadan, bir insanın qarnının ağrımasına səbəb oldu deyə su içmək qadağan edildi. Bu zaman əsl şər elə məhz suyu insanlara qadağan etmək olardı. Burada problem varsa, onu su içənin qarnında axtarmaq lazımdır. Nəticə olaraq deyə bilərik ki, ümumi xeyr qarşısında cuzi şər varsa, biz bunu Allah-Təalanın (c.c) icraat və yaradılışında deyil, bizim öz əməllərimizdə axtarmalıyıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top