Nişanlısı ilə görüşmək istəyən gəncin başına oyun gəlib

Türkiyənin Adana şəhərində nişanlısı ilə görüşmək istəyən gənci polislər saxlayıb. "Yeni avaz" Türkiyə mətbuatına istinadən bildirir ki, buna səbəb həmin ərazidə yaşayan vətəndaşlardan birinin polisə zəng edərək, “burada terrorsit var” deməsi olub. Adı açıqlanmayan 22 yaşlı gənc oğlanın nişanlısı ilə görüşmək istəyi ona baha başa gəlib. Oğlanın gələcək qaynatası ona qızı ilə görüşməyə icazə verməyib. Gənc dəliqanlı, nişanlısı ilə razılaşaraq, qızın işlədiyi qadın gözəllik salonunda görüşməyi planlayıblar. Gənc oğlan üstünə qara çarşab geyənərək nişanlısının işlədiyi salona gəlib. Salonun yaxınlığında onu görən bir nəfər “155 polis imdad qaynar xətti”nə zəng edərək, “Burada çarşablı bir nəfər var, ancaq qadına yox, kişiyə bənzəyir. Əlində də silah var”, deyib.

Vətəndaşın bu zəngindən sonra polis təcili əməliyyata başlayıb. Hadisə yerinə polislər, xüsusi təyinatlılar və terrorla mübarizə idarəsinin əməkdaşları gəlib. Ərazidə axtarış olunub amma axtarılan “terrorist”i tapa bilməyiblər. Terrorla mübarizə idarəsi isə bu işin izini buraxmayıb. Belə ki, ətrafda olan 200 müşahidə kameralarını tək-tək yoxlayaraq “çarşablı qadın”ının izinə düşüblər. Nəticədə “çarşablı qadın”ın 22 yaşlı gənc olduğu məlum olub. Gənc oğlan terrorla mübarizə idarəsinə gətirilib. O, ifadəsində terrorist olmadığını bildirib: “Nişanlımın atası evlənmədən əvvəl görüşməyimizə icazə vermir. Nişanlım gözəllik salonunda işləyir. Biz görüşmək istəyirik, lakin, küçədə rahat görüşə bilmirik. Nişanlımın işlədiyi yerə də kişiləri buraxmırlar. Ona görə belə qərara gəldik ki, çarşab geyərək sevdiyim xanımı görməyə gedim. Getdim, nişanlımı gördüm. Biz bir-birimizi sevirik. Ona görə mən belə iş görmüşəm. Mənim terrorla heç bir əlaqəm yoxdur”.

Oğlanın bu ifadəsindən sonra gənc xanımı da terrorla mübarizə idarəsinə ifadə verməyə dəvət ediblər. Xanım da nişanlısı ilə görüşə bilmədiyini bildirib. Bu səbəblər üzündən məcbur qalaraq nişanlısı ilə ancaq belə görüşə bildiklərini deyib. Hər şey ortalığa çıxandan sonra terrorla mübarizə idarəsi gənclərin adına terrorla bağlı iş açmayıblar və tibbi müayinədən sonra sərbəst buraxılıblar.

DİGƏR XƏBƏRLƏR

Top