Ət, süd və yumurta istehsalında MDB-də sonuncu sıralardayıq

Bu ilin əvvəlindən başlayaraq ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı davamlı olaraq azalmaqdadır. “Yeniavaz.az” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, yanvar ayında ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% aşağı düşüb. Növbəti aylarda da azalma tempi davam edib. Ən yüksək azalma aprel ayında qeydə alınıb. Apreldə ÜDM istehsalı 4,5% azalıb. Ötən ay isə ÜDM istehsalı 3,9% aşağı düşüb. İqtisadiyyatın ayrı-ayrı sahələrinə nəzər saldığımız zaman açıq şəkildə görünür ki, əksər sahələrdə geriləmə baş verir. Xüsusilə iqtisadiyyatın aparıcı sahələrindən olan neft-qaz haslatı aşağı düşüb. İlin ilk 9 ayı ərzində neft hasilatı 0,3%, əmtəəlik qaz hasilətı isə 1,6% azalıb. Ancaq qeyd edək ki, digər sahələrdə müşahidə olunan azalma kənd təsərrüfatı sektoruda qeydə alınmayıb. Xüsusilə də heyvandarlıq məhsullarının istehsalında ciddi artım müşahidə olunmaqdadır. Yanvar-sentyabr aylarında heyvandarlıq məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% artıb. Belə ki, 2016-cı ilin yanvar-sentyabr aylarında 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3% çox diri çəkidə ət, 1 milyon 505,6 min ton (2,5% çox) süd, 1 milyard 214 milyon ədəd (4,9% çox) yumurta, 16,8 min ton (1,5% çox) yun istehsal olunub.

Ölkəyə gətirilən yumurta yerli istehsalla müqayisə olduqca azdır

Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalı yüksəlsə də əhalinin bu məhsullara, xüsusilə də ət və ət məhsullarına olan təlabatını yerli istehsal hesabına tam şəkildə ödəmək mümkün deyil. Xarici ölkələrdən hələ də heyvandarlıq məhsullarının idxalı davam etdirilir. Qeyd etdiyimiz kimi, idxalda ət və ət məhsullarının payı üstünlük təşkil edir. Əsas heyvandarlıq məhsullarından olan süd və yumurtanın idxalı yerli istehsalla müqayisədə olduqca azdır. Belə demək mümkündürsə Azərbaycan süd və yumurtaya olan ehtiyacını böyük ölçüdə yerli istehsal hesabına təmin edir. Dövlət Statistika Komitəsinin bu ilin ilk 6 ayı üçün açıqladığı hesdabatda göstərilir ki, ölkə ərazisində 821,9 milyon ədəd yumurta istehsal olunub. Həmin dövürdə xaricdən idxal olunan yumurta yerli istehsalın cəmi 3%-i həddində və ya 25 milyon ədədə bərabər olub. Bunların da böyük əksəriyyəti inkubasiya üçün nəzərdə tutulan yumurtalar olub. Göründüyü kimi İdxal olunan yumurta yerli istehsalla müqayisə olduqca azdır. Süd idxalı isə əsasən süd zərdabı (quru süd) və süd məhsulları şəkilində olub. İlin ilk 6 ayı ərzində xaricdən cəmi 470,4 ton süd zərdabı idxal olunub ki, bu da yerli istehsalın cəmi 0,04%-nə bərabər olub. Süd məhsullarının idxalı 4 min 244,5 ton təşkil edib və bu da yerli istehsalın 0,4%-ni təşkil edib. Ət idxalı süd ilə müqayisədə bir qədər yüksək olsa da bu məhsulun idxalı da yerli istehsalla müqayisədə olduqca aşağı səviyyədədir. Ətə olan təlabatımızın təxminən 3%-i idxal hesabına təmin olunub. Statistika Komitəsinin məlumatına görə ilin ilk yarısında ölkə ərazisində 231,1 min tona yaxın ət istehsal olunub. Xarici ölkələrdən isə bu dövürdə 7 min 80 ton ət idxal edilib.

Məlumat üçün bildirək ki, ölkə ərazisində istehsal olunan ətin təqribən yarısı inək və dana ətinin payına düşür. Digər yarısını isə qoyun, keçi və quş əti təşkil edir. Donuz ətinin istehsalı isə ümumi ət istehsalının cəmi 0,1-0,2%-nə bərabərdir.

Süd istehsalının böyük bir hissəsini, təqribən 98%-ni inək və çamış südü təşkil edir. Ümumi süd istehsalının 2%-i isə qoyun və keçi südündən ibarətdir.

İdxal olunan ətin əksəriyyəti dondurulmuş quş ətinin payına düşüb

İdxal olunan yumurta əsasən Türkiyə; Rusiya və İrandan gətirilir. Statistika Komitəsinin ilin ilk yarısına olan sonuncu hesabatında qeyd olunur ki, 6 ay ərzində Türkiyədən ölkəmizə təxminən 23 milyon ədəd, Rusiyadan 324 min, İrandan isə təxminən 1 milyon ədəd yumurta gətirilib. İdxal olunan ətin əksəriyyəti dondurulmuş quş ətinin payına düşüb. İribuynuzlu heyavan əti (dondurulmuş) əsasən Hindistan, Brazilya, Argentina və Birləşmiş Ərəb Əmirliklərindən, quş əti isə ABŞ, Brazilya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən idxal olunur. Ölkəmizə idxal olunan süd məhsulları isə ən çox Ukrayna, Belarus, Rusiya, Türkiyə və Yeni Zellandiyadan gətirilir.

Adambaşına düşən ət istehsalına görə, Azərbaycan MDB-də sonuncu sıralarda yer alır

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında Azərbaycan adambaşına düşən ət istehsalına görə, sonuncu sıralarda yer alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində adambaşına düşən ət istehsalı Belarusda 113 kq, Qazaxıstanda 52 kq, Rusiyada 62 kq, Ukraynada 55 kq, Qırğızıstanda 36 kq, Moldovada 34 kq, Tacikistanda 12 kq, Ermənistanda və Azərbaycanda isə eyni səviyyədə - 31 kq-a bərabərdir. Süd və yumurta istehsalıda da oxşar vəziyyət hökm sürür. İl ərzində adambaşına düşən süd istehsalı Belarusda 742 kq, Qazaxıstanda 293 kq, Ukraynada və Qırğızıstanda 246 kq, Rusiyada 211 kq, Ermənistanda 242 kq, Azərbaycanda 202 kq, Moldovada 146 kq, Tacikistanda isə 104 kq təşkil edir. Adambaşına düşən yumurta istehsalı isə Belarusda 402 ədəd, Ukraynada 392 ədəd, Rusiyada 287 ədəd, Qazaxıstanda 269 ədəd, Ermənistanda 220 ədəd, Moldovada 168 ədəd, Azərbaycanda 163 ədəd, Qırğızıstanda 73 ədəd, Tacikistanda isə 42 ədəddir.

Azərbaycanda ət, süd və yumurta istehsalı daha yüksək templə artır

Ancaq son 5 ilin nəticələrinə baxdığımız zaman açıq şəkildə görənər ki, Azərbaycanda ət, süd və yumurta istehsalı digər MDB ölkələri ilə müqayisədə daha yüksək templə artır. Məsələn, son 5 ildə - 2011-2015-ci illər ərzində adambaşına düşən yumurta istehsalı Azərbaycanda 45% artıb. Halbuki bu dövrdə Ermənistanda adambaşına düşən yumurta istehsalı cəmi 13,4% artıb. Artım Rusiyada cəmi 0,7% təşkil edib. Qırğızıstan və Moldovada isə adambaşına düşən yumurta istehsalı aşağı düşüb.

Ət, süd və yumurta istehsalında MDB-də sonuncu sıralarda olsaq da bu məhsulların istehsalında müşahidə olunan artım tempi ümid etməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında ciddi irəliləyiş olacaq. Eyni zamanda onu da bildirək ki, son zamanlar ölkə başçısı səviyyəsində də kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılır. Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonuna səfəri zamanı bildirib ki, yaxın gələcəkdə biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik: “Bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir”.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top