Binəqədidə 9 marşrut xətti üzrə dəyişikliklər aradan qaldırılıb

Ötən gün tıxac yaranan Bakı şəhərinin Binəqədi şosesində vəziyyətin nisbətən düzəldiyi müşahidə edilir. Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) daxil olan məlumatda bildirilib. "Hazırda Binəqədi qəsəbəsindən şəhər mərkəzi istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edir. BNA bildirir ki, Binəqədi şosesinə yağış sularının dolması ilə əlaqədar həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda Agentlik və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalın artmaması üçün zəruri tədbirlər görürlər", - deyə BNA-nın məlumatında qeyd edilib. Xatırladaq ki, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradırdı. Dünən yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində dəyişiklik edilib. Hazırda isə Bakının əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən "N.Nərimanov" metro stansiyası istiqamətinə, Tbilisi prospekti (mərkəzə doğru), Afiyyədin Cəlilov küçəsi və Ziya Bünyadov prospektində (20 Yanvar dairəsi istiqəmətində) avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Report

DİGƏR XƏBƏRLƏR

Top