İlham Əliyevlə Frank-Valter Ştaynmayer geniş tərkibdə görüş keçirdi – Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olunub.
Dövlət başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirib.
Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunulub, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.
Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd edib. Prezident İlham Əliyev vurğuladı ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirildi və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələr aparılıb.
Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub.
Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını bildirib.
Frank-Valter Ştaynmayer qeyd etdi ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


***19:08
Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında görüş başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top