“Real Madrid” İspaniya çempionu oldu


“Real Madrid” İspaniya Futbol Çempionatının (LaLiga) erkən qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, şənbə günü “Barselona” səfərdə “Jirona”ya 2:4 hesabı ilə uduzub və turnir cədvəlində “Real”ı qabaqlamaq şansını itirib.
Çempionatın başa çatmasına 4 tur qalmış “Real”ın 87, “Barselona”nın 73 xalı var və üçüncü yerdədir. “Jirona” cədvəldə ikinci pilləyə yüksəlib (74 xal). Beləliklə, komanda 2024/25 mövsümündə Çempionlar Liqasında iştirakına zəmanət əldə edib. Klub ilk dəfə bu turnirdə çıxış edəcək.
“Real” 36-cı dəfə İspaniya çempionluğunu qazanıb. Komanda bu göstəriciyə görə rekordçudur. İspaniya çempionatında qələbə sayına görə ikinci yeri “Barselona” (27), üçüncü yeri isə “Atletiko Madrid” (11) tutur.
İtaliyalı baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında “Real” ikinci dəfə ölkə çempionu olub.
Qeyd edək ki, bu mövsüm “Real” Çempionlar Liqasında da mübarizəni davam etdirir. Komanda yarımfinalda Almaniyanın “Bavariya”sı ilə ilk oyunu səfərdə keçirib və bərabərə qalıb (2:2). Cavab oyunu mayın 8-də Madriddə, “Santyaqo Bernabeu”da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top