“Şahdəniz”dən nə qədər qaz hasil olunduğu açıqlandı – Artım yoxdur


Bu ilin ilk rübü ərzində “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətindən verilən məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatında heç bir dəyişiklik olmayıb.
Bu il olduğu kimi, ötən ilin ilk rübü ərzində də “Şahdəniz” yatağından 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox kondensat hasil edilib.
Məlumatda qeyd olunur ki, bu ilin birinci rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 41 milyon, əsaslı xərclər isə 7 milyon dollar artıb.
Qeyd edək ki, şirkətlərin “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” (21,02%), “Lukoyl” (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top